İnformatika müəllimlərinin fəaliyyət əsaslı qiymətləndirmə vasitələrinin tədrisdə istifadəsinə dair baxışları və təcrübələri
Date Issued
2026-07-07
Author(s)
Məmmədova, Müjgan
ADA Universiteti
Abstract
İnformatika dərslərində qiymətləndirmə yanaşmaları müasir təhsil tələblərinə uyğun olaraq dəyişməkdədir və bu prosesdə fəaliyyət əsaslı (performance-based) qiymətləndirmə xüsusi əhəmiyyət kəsb edir. Lakin bu yanaşmanın məktəb təcrübəsində sistemli tətbiqi zamanı müəllimlər qiymətləndirmə meyarlarının hazırlanması, vaxt məhdudiyyəti və texniki resurs çatışmazlığı kimi çətinliklərlə qarşılaşırlar. Bu tədqiqatın məqsədi informatika müəllimlərinin fəaliyyət əsaslı qiymətləndirmə vasitələrindən istifadəyə dair baxışlarını və tətbiq təcrübələrini araşdırmaqdır. Tədqiqat keyfiyyətyönümlü yanaşma əsasında aparılmış, yarı-strukturlaşdırılmış müsahibələr vasitəsilə 10 informatika müəllimindən məlumat toplanmış və tematik analiz üsulu ilə təhlil edilmişdir. Nəticələr göstərmişdir ki, müəllimlər fəaliyyət əsaslı qiymətləndirmənin əhəmiyyətini qəbul edir və layihə, portfolio rubrik və s. kimi vasitələrdən istifadə edirlər. Eyni zamanda bu qiymətləndirmənin şagirdlərin analitik düşünmə və problem həll etmə bacarıqlarının inkişafına müsbət təsir göstərdiyi qeyd olunmuşdur. Bununla yanaşı, vaxt məhdudiyyəti, metodik dəstəyin yetərsizliyi və texniki problemlər əsas çətinliklər kimi müəyyən edilmişdir. Tədqiqat nəticələri göstərmişdir ki, fəaliyyət əsaslı qiymətləndirmənin effektivliyi müəllimlərin hazırlıq səviyyəsi və institusional dəstək ilə bağlıdır. Bu baxımdan metodik təlimlərin təşkili və texniki infrastrukturun gücləndirilməsi zəruri hesab olunur. Nəticə etibarilə, fəaliyyət əsaslı qiymətləndirmə informatika dərslərində şagirdlərin praktik bacarıqlarının inkişafına xidmət edən effektiv yanaşmadır və onun sistemli tətbiqi tədrisin keyfiyyətinin artırılmasına töhfə verir.
