Rəqəmsal transformasiya dövründə məktəb rəhbərliyi: Direktorların rəqəmsal liderlik təcrübələri
Date Issued
2026-07-07
Author(s)
Çəndirli, Günay
ADA University
Abstract
Bu tədqiqatın məqsədi rəqəmsal transformasiya şəraitində məktəb direktorlarının rəqəmsal liderlik təcrübələrini və bu təcrübələrin məktəb idarəetməsi ilə tədris prosesində necə əks olunduğunu araşdırmaqdır. Tədqiqat 2025-2026-cı tədris ilində keyfiyyət metodologiyası əsasında həyata keçirilmişdir. Məlumatların toplanması məqsədilə yarı-strukturlaşdırılmış müsahibə üsulundan istifadə olunmuşdur. Tədqiqatın iştirakçılarını məqsədli seçmə yolu ilə müəyyən edilmiş 11 nəfər məktəb direktoru təşkil etmişdir. Əldə olunan məlumatlar tematik təhlil üsulu ilə analiz edilmişdir. Tədqiqatın nəticələri göstərmişdir ki, rəqəmsal texnologiyaların məktəb idarəetməsinə inteqrasiyası idarəetmə proseslərinin daha çevik və data əsaslı həyata keçirilməsinə imkan yaradır. Eyni zamanda, rəqəmsal platformaların istifadəsinin kommunikasiya, əməkdaşlıq və tədris prosesinin izlənilməsi baxımından mühüm rol oynadığı müəyyən edilmişdir. Araşdırma zamanı məktəb direktorlarının rəqəmsal liderliyi innovasiya, dəyişikliklərin idarə olunması, müəllimlərin dəstəklənməsi və əməkdaşlıq mühitinin formalaşdırılması ilə əlaqələndirdikləri aşkara çıxarılmışdır. Bununla yanaşı, texnoloji infrastrukturun qeyri-bərabərliyi, müəllimlərin rəqəmsal bacarıqları arasındakı fərqlər və dəyişikliklərə uyğunlaşma prosesi əsas çətinliklər kimi müəyyən edilmişdir. Tədqiqat nəticələrinə uyğun olaraq rəqəmsal liderlik bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsal infrastrukturun gücləndirilməsi və məktəb rəhbərləri ilə müəllimlər üçün davamlı peşəkar inkişaf imkanlarının genişləndirilməsi istiqamətində tövsiyələr hazırlanmışdır.
