Xüsusi istedadlı şagirdlərin akademik göstəricilərində məktəb rəhbərliyinin motivasiya strategiyasının rolu
Date Issued
2026-05-31
Author(s)
Fərzəliyeva, Fidan
ADA Universiteti
Abstract
Bu tədqiqatın məqsədi xüsusi istedadlı şagirdlərin akademik göstəricilərində məktəb rəhbərliyinin motivasiya strategiyasının rolunu araşdırmaqdır. Tədqiqat 2024-2025-ci tədris ilində Respublika Fənn Olimpiadalarının nəticələrinə görə yüksək nəticə göstərmiş məktəblərdə rəhbərlərin hansı motivasiya strategiyalarından istifadə etdiyini öyrənir. Tədqiqat metodu olaraq, keyfiyyət tədqiqatı aparılmış və case study yanaşması tətbiq edilmişdir. 2024-2025-ci tədris ilinə görə yüksək nəticə göstərmiş 10 məktəbin direktoru tədqiqatın iştirakçı qrupu seçilmiş və elmi ədəbiyyatlara istinad edilərək 6 kateqoriya altında hazırlanmış yarı-strukturlaşdırılmış müsahibələr vasitəsilə datalar toplanmışdır. Əldə edilən datalar təsviredici məzmun analizi edilərək 6 kateqoriya, 21 alt kateqoriya və 278 kod altında toplanmışdır. Tədqiqat nəticələri göstərir ki, olimpiada nailiyyəti yüksək olan məktəblərin rəhbərləri istedadlı şagirdlərin motivasiyasını altı istiqamətdə formalaşdırır: istedadı məktəbin idarəetmə prioritetinə çevirmək, kurikulumu qeyri-rəsmi üsullarla fərdiləşdirmək, müəllimə peşəkar muxtariyyət və dəstək vermək, ədalətli öyrənmə mühiti VIII qurmaq, valideyn və icmanı strateji resurs kimi idarə etmək, şagirdə olan inamı davranışla ifadə edərək onun özgüvənini möhkəmləndirmək. Bütün bu istiqamətlər üzrə müəyyən edilmişdir ki, araşdırılan məktəblərdə uğurun əsas amili formal siyasət sənədlərindən deyil, direktorun fərdi keyfiyyətləri, idarəetmə fəlsəfəsi və münasibət mədəniyyətindən qaynaqlanır. Nəticə etibarilə, araşdırılan məktəblərdə motivasiya sistemi tək bir mexanizmə deyil, bir-birini tamamlayan çoxqatlı strategiyaların bütövlüyünə söykənir. Bu nəticələr məktəb rəhbərliyinin istedadlı şagirdlərin akademik nailiyyətindəki roluna dair mövcud ədəbiyyatı yerli kontekst üzrə zənginləşdirir və gələcək tədqiqatlar üçün empirik bir zəmin təqdim edir.
