Azərbaycanda müəllim hazırlığı standartlarına beynəlxalq təcrübə əsasında baxış: Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası nümunəsində”
Date Issued
2026-07-07
Author(s)
Axundova, Mədinə
ADA University
Axundov, Əzim
ADA University
Ellazova, Aliyə
ADA University
Abstract
Bu tədqiqatın məqsədi Azərbaycanda müəllim hazırlığına beynəlxalq təcrübə əsasında nəzər salmaq və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası nümunəsində mövcud bakalavriat proqramının peşəkar müəllim hazırlığı tələbləri ilə uyğunluğunu təhlil etməkdir. Eyni zamanda Azərbaycanda müəllim hazırlığına dair peşə standartları layihəsinin təklif edilməsi tədqiqatın əsas məqsədlərindən biridir. Tədqiqat çərçivəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə ali təhsil proqramında yer alan proqram təlim nəticələri, fənn təlim nəticələri və müəllim hazırlığı ilə bağlı səriştələr beynəlxalq benchmark kimi seçilmiş Dövlətlərarası Müəllim Qiymətləndirmə və Dəstək Konsorsiumu [Interstate Teacher Assessment and Support Consortium — InTASC] Standardları ilə müqayisə edilmişdir. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə ali təhsil proqramında nəzərdə tutulan səriştələr ümumiləşdirilərək fənn-məzmun biliyi, pedaqoji-metodiki hazırlıq, qiymətləndirmə və planlaşdırma, inklüziv və diferensiallaşdırılmış təlim, peşəkar inkişaf və etik məsuliyyət istiqamətləri üzrə qruplaşdırılmışdır. Tədqiqat keyfiyyət metodlarına əsaslanmış, müqayisəli sənəd təhlili, kurikulum xəritələndirilməsi (curriculum mapping), boşluq təhlili (gap analysis) və müqayisəli meyarlandırma (benchmarking) metodlarından istifadə olunmuşdur. Təhlil zamanı yalnız məzmun uyğunluğu deyil, həm də təlim nəticələrində ifadə olunan fəaliyyət səviyyəsi idrak taksonomiyası baxımından nəzərə alınmışdır. Bu məqsədlə Bloom taksonomiyasının yenilənmiş modeli əsas götürülərək proqram və fənn təlim nəticələrində nəzərəd tutulan idraki fəaliyyətlər bilik, anlama, tətbiqetmə, təhlil, qiymətləndirmə və yaratma səviyyələri baxımından təhlil edilmişdir. Bu yanaşma müəllim hazırlığı proqramında nəzərdə tutulan səriştələrin hansı idraki və praktik bacarıqların formalaşdırılmasını nəzərədə tutduğunu müəyyən etməyə imkan vermişdir. 9 Müqayisəli təhlil göstərmişdir ki, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil proqramında fənn biliyi, pedaqoji hazırlıq və ümumi metodiki biliklərlə bağlı müəyyən uyğunluqlar mövcuddur. Bununla yanaşı, təqdiqatın ilkin nəticələri tədqiqatda bençmarkinq olaraq seçilmiş Dövlətlərarası Müəllim Qiymətləndirmə və Dəstək Konsorsiumu [Interstate Teacher Assessment and Support Consortium — InTASC] standartlarında əsas alınan öyrənənin inkişafı, öyrənmə fərqləri, diferensiallaşdırılmış təlim, qiymətləndirmə nəticələrinə əsaslanan qərarvermə, reflektiv praktika, peşəkar əməkdaşlıq və liderlik kimi istiqamətlər və səriştələr Azərbaycan dili və ədəbiyyat müəllimliyi (ADƏM ) təhsil proqramında tam və sistemli şəkildə nəzərə alınmadığını göstərir. Xüsusilə müəyyən səriştələr üçün təhsil proqramının PTN (proqram təlim nəticələri) və FTN(fənn təlim nəticələri) -lərdə “xəbərdardır”, “anlayır”, “məlumata malikdir” kimi ifadələrin üstünlük təşkil etməsi həmin nəticələrin daha çox bilik və anlama səviyyəsində qaldığını göstərir. Halbuki InTASC standartları müəllimdən yalnız bilmək və anlamağı deyil, həm də tətbiq etmək, uyğunlaşdırmaq, təhlil etmək, qiymətləndirmək və yeni pedaqoji həllər yaratmaq bacarıqlarını tələb edir. Tədqiqatın nəticələri göstərir ki, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi proqramının beynəlxalq müəllim hazırlığı standartları ilə daha sıx əlaqələndirilməsi üçün təlim nəticələrinin daha praktik, ölçülə bilən və kompetensiya əsaslı formada yenilənməsinə ehtiyac vardır. Bu əsasda layihənin son məhsulu kimi müəllimlik ixtisasları üzrə peşə standartları üçün nümunə layihə təklifi hazırlanmışdır. Təklif olunan standartlar gələcək müəllimlərin fənn biliyi ilə yanaşı, pedaqoji qərarvermə, inklüziv təlim, qiymətləndirmə savadlılığı, reflektiv fəaliyyət, əməkdaşlıq və davamlı peşəkar inkişaf bacarıqlarının formalaşdırılmasına yönəlmişdir. 10 Beləliklə, tədqiqat Azərbaycanda müəllim hazırlığı proqramlarının beynəlxalq təcrübə ilə müqayisəli şəkildə təhlil edilməsinə və onların təkmilləşdirilməsi üçün praktik əsasların müəyyənləşdirilməsinə töhfə verir. Açar sözlər: müəllim hazırlığı, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Dövlətlərarası Müəllim Qiymətləndirmə və Dəstək Konsorsiumu standartları, peşə standartları, kurikulum xəritələndirilməsi, Bloom taksonomiyası, kompetensiya əsaslı təhsil.
