ORTA MƏKTƏBDƏ FORMATİV QİYMƏTLƏNDİRMƏDƏ MÜƏLLİM RƏYİ
Date Issued
2026-07-07
Author(s)
Səmədova, Gözəl
ADA University
Eminova, Kəbirə
ADA University
Axşinaz, Fidan
ADA University
Abstract
Bu tədqiqat Azərbaycanda orta məktəbdə formativ qiymətləndirmədə müəllim rəyinin tədris prosesindəki funksiyasını, onun praktik tətbiqini araşdırır. Tədqiqatın məqsədi, sinif müşahidələrini təhlil etməklə, müəllimlər tərəfindən istifadə olunan rəyin xüsusiyyətlərini və növlərini müəyyənləşdirmək, bu barədə müəllimlərin fikrini öyrənməkdir. Araşdırma Ağstafa şəhərindəki bir orta məktəbdə iki 5-ci sinifdə aparılmışdır. Aparılan 10 dərs müşahidəsi 3 ayrı fənni - azərbaycan dili, riyaziyyat və təbiət fənlərini əhatə etmişdir. Bundan əlavə, həmin dərsləri tədris edən 5 müəllim ilə müsahibələr aparılmışdır. Analiz nəticələri göstərir ki, müəllimlərin verdiyi rəy məqsədlə əlaqələndirilmiş və istiqamətləndirici xarakter daşıyır. Eyni zamanda müəllimlərin rəyverməni şagirdi motivasiya edən və ya səhvləri düzəldən bir alət kimi istifadə etdiyini göstərir. Lakin balanslı və fərdiləşdirilmiş rəyvermə sahəsində inkişafa ehtiyac vardır. Müəllimlərin rəyvermə prosesində vaxt çatışmazlığı, rəyvermə bacarıqlarının inkişafına dəstək üçün metodik vəsait məhdudluğu, peşəkar təlim ehtiyacları kimi çətinlikləri mövcuddur. Tədqiqat rəyin pedaqoji əhəmiyyətini vurğulayır və praktik tətbiqindəki mövcud boşluqları üzə çıxarır. Əldə olunan nəticələr müəllimlərin rəyvermə savadlılığının artırılmasına dəstəyin, peşəkar təlimlərin gücləndirilməsinin vacibliyini göstərir.
