“Rəqəmsal bacarıqlar” layihəsinə qoşulmuş ümumi təhsil məktəblərində çalışan müəllimlərin rəqəmsal texnologiyalardan istifadə təcrübələri (Experiences in using digital technologies of teachers working in general education schools participating in the "Digital Skills" project)
Date Issued
2026-07-06
Author(s)
Fazilova, İlahə
ADA University
Abstract
Tədqiqatda Bakı şəhərində “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulmuş ümumi təhsil məktəblərində çalışan müəllimlərin rəqəmsal texnologiyalardan istifadə təcrübələri və bu istifadəyə təsir edən əsas amillər araşdırılmışdır. Araşdırmada fenomenoloji yanaşmaya əsaslanan keyfiyyət metodologiyasından istifadə edilmişdir. Tədqiqat çərçivəsində 2025-2026-cı tədris ilində Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulmuş üç məktəbdə çalışan 14 müəllimlə yarı-strukturlaşdırılmış müsahibələr aparılmış, əldə olunan məlumatlar tematik analiz üsulu ilə təhlil edilmişdir. Nəticələr göstərmişdir ki, rəqəmsal texnologiyalardan əsasən planlaşdırma, tədris və qiymətləndirmə mərhələlərində istifadə olunur. Müəllimlər bu texnologiyaların şagird motivasiyasına və öyrənmə keyfiyyətinə müsbət təsir göstərdiyini bildirmişlər. Bununla yanaşı, infrastruktur məhdudiyyətləri, vaxt çatışmazlığı və texniki-təşkilati dəstəyin məhdudluğu əsas çətinliklər kimi müəyyən edilmişdir. Müəllimlər bu çətinliklərin aradan qaldırılması üçün müxtəlif praktik həll yollarından istifadə etdiklərini və rəqəmsal texnologiyaların tədris yanaşmalarına təsir göstərdiyini qeyd etmişlər.
