Qadın məktəb direktorlarının karyera inkişafı və idarəçilik təcrübələri Şirvan-Salyan regionu nümunəsində
Date Issued
2026-07-07
Author(s)
Əhmədova, Nərmin
ADA University
Abstract
Bu tədqiqatın məqsədi qadın məktəb direktorlarının təyinat, vəzifədə yüksəlmə və idarəetmə fəaliyyəti proseslərində yaşadığı təcrübələri öyrənməkdir. Tədqiqatda keyfiyyət metodologiyası çərçivəsində fenomenoloji yanaşmadan və yarı-strukturlaşdırılmış müsahibə texnikasından istifadə edilmişdir. İştirakçılar 2025-2026-cı tədris ilində Şirvan-Salyan Regional Təhsil İdarəsinə tabe olan regionlarda orta ümumtəhsil müəssisələrində fəaliyyət göstərən, məqsədli seçmə yolu ilə müəyyənləşdirilmiş 10 qadın məktəb direktorundan ibarət olmuşdur. Respondentlərin müsahibələrindən əldə olunan datalar tematik təhlil yolu ilə təhlil edilmiş və 7 əsas tema altında təqdim edilmişdir. Tədqiqat nəticələrinə əsasən qadın məktəb direktorlarının rəhbərliyə yönəlməsində daxili və xarici motivasiya amilləri mühüm rol oynayır. Respondentlər bu prosesdə psixoloji və sosial maneələri, eləcə də ailə öhdəliklərini əsas çətinliklər kimi qeyd etmişlər. Eyni zamanda, iş-şəxsi həyat balansının qorunmasında ailə və sosial dəstəyin əhəmiyyəti vurğulanmışdır. Direktorluğun ilkin mərhələsində gözləntilərlə real təcrübə arasında uyğunsuzluq və gender əsaslı təzyiqlər müşahidə olunmuşdur. Bununla yanaşı, ailə və rəhbərlik dəstəyinin peşəkar inkişafda mühüm rol oynadığı bildirilmişdir. Respondentlər qadın və kişi idarəetmə yanaşmaları arasında fərqlərin mövcud olduğunu qeyd etmiş, qadın rəhbərlərin daha çox əməkdaşlığa yönəlik idarəetmə tərzi nümayiş etdirdiklərini vurğulamışlar.
