Azərbaycanda orta ümumtəhsil məktəblərində direktorların Süni İntellekt (Sİ) məlumatlılığı və istifadəsi: idarəetmədə tətbiqi. (Şəki-Zaqatala Regional Təhsil İdarəsi nümunəsində)
Date Issued
2026-07-07
Author(s)
Əliyeva, Nuriyyə
ADA University
Şıxəmirova, Aydan
ADA University
Əjdərli, Zəminə
ADA University
Abstract
Bu tədqiqat Azərbaycan orta ümumtəhsil məktəblərində direktorların süni intellekt (Sİ) üzrə məlumatlılıq səviyyəsini, istifadə imkanlarını və idarəetmə prosesində tətbiqini araşdırmaq məqsədi ilə həyata keçirilmişdir. Tədqiqat Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəb rəhbərləri üzərində aparılmış, keyfiyyət metodologiyası çərçivəsində yarıstrukturlaşdırılmış müsahibələrdən istifadə olunmuşdur. Ümumilikdə, 8 məktəb direktoru ilə müsahibələr keçirilmiş və əldə olunan məlumatlar məzmun təhlili üsulu ilə analiz edilmişdir. Araşdırmanın nəticələri göstərir ki, məktəb direktorlarının Sİ ilə bağlı məlumatlılıq səviyyəsi müxtəlifdir və əksər hallarda məhduddur. Direktorlar Sİ alətlərindən əsasən inzibati işlərin asanlaşdırılması, məlumatların emalı, kommunikasiya və planlaşdırma məqsədləri üçün istifadə edirlər. Bununla yanaşı, Sİ alətlərindən istifadə zamanı texniki biliklərin çatışmazlığı, infrastruktur problemləri, etik narahatlıqlar və məlumat təhlükəsizliyi kimi çətinliklər mövcuddur. Tədqiqat həmçinin göstərir ki, Sİ texnologiyalarının məktəb idarəçiliyində tətbiqi idarəəetmənin səmərəliliyini artırmaq, qərarvermə prosesini sürətləndirmək və rəhbərlərin iş yükünü azaltmaq potensialına malikdir. Lakin bu potensialdan effektiv istifadə etmək üçün məktəb rəhbərlərinin rəqəmsal bacarıqlarının və Sİ savadlılığının artırılmasının zəruriliyi müəyyən edilmişdir. Həmçinin məktəb direktorları tədqiqat zamanı bu sahədə hazırlanacaq təlim proqramlarının onların praktik ehtiyaclarına uyğun şəkildə qurulmasının vacibliyini vurğulamışlar. Layihə əsaslı tədqiqatın nəticələrinə əsasən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin rəhbərləri üçün “Təhsil idarəçiləri üçün süni intellektdən effektiv istifadə” mövzusunda təlim keçirilmiş, təlimdən sonra həmin mövzunu özündə əks etdirən məlumat xarakterli buklet hazırlanaraq, elektron formada təhsil idarəçilərinə paylanılması üçün regional təhsil idarəsinin rəhbərliyinə təqdim olunmuşdur.
