Ali təhsil müəssisələrində idarəçilərin peşəkar inkişafına təsir edən amillər: Bir universitet nümunəsində keys tədqiqatı
Date Issued
2026-07-07
Author(s)
Hacıyeva, Fidan
ADA Universiteti
Abstract
Bu tədqiqatın məqsədi Azərbaycanın ali təhsil müəssisələrində idarəçilərin peşəkar inkişafına təsir edən əsas amilləri təhlil etmək və bu amillərin onların bilik, bacarıq və karyera inkişafındakı rolunu müəyyənləşdirməkdir. Tədqiqatın məqsədinə nail olmaq üçün keyfiyyət yönümlü yanaşmanın keys çalışması dizaynından istifadə edilmişdir. Tədqiqata məqsədli seçmə üsulu ilə paytaxtda yerləşən, selektiv qəbul mexanizminə malik beynəlxalq yönümlü bir universitetdə rəhbər vəzifələrdə çalışan səkkiz idarəçi cəlb olunmuşdur. Data yarı-strukturlaşdırılmış müsahibələr vasitəsilə toplanmış və tematik təhlil üsulu ilə analiz edilmişdir. Təhlil nəticəsində dörd əsas istiqamət müəyyən edilmişdir: (1) idarəçilərin həm formal, həm də qeyri-formal peşəkar inkişaf imkanları, (2) peşəkar inkişafı dəstəkləyən şəxsi və institusional amillər, (3) peşəkar inkişafı məhdudlaşdıran maneələr və (4) peşəkar inkişafın bilik, bacarıq və karyeraya çoxşaxəli təsirləri. Nəticələrə görə, idarəçilər bilik və bacarıqlarını artırmaq üçün yalnız elmi tədbirlər, rəsmi konfranslar və xüsusi proqramlarla kifayətlənmir, həm də gündəlik iş prosesində öyrənməyə, təcrübə paylaşımına və şəbəkələşməyə üstünlük verirlər. Peşəkar inkişafı şəxsi səviyyədə motivasiya və təşəbbüskarlıq, peşəkar maraq, karyera və liderlik ambisiyaları, məsuliyyət və öhdəliklər stimullaşdırır. İnstitusional səviyyədə isə maliyyə dəstəyi və resurslarının əlçatanlığı, rəhbərliyin dəstəyi və təşkilati dəstək, həmçinin təşviqedici və rəqabətli iş mühiti bu prosesi gücləndirən əsas amillər kimi çıxış edir. Ən böyük maneələr kimi vaxt məhdudiyyəti, yüksək inzibati iş yükü, sistemli inkişaf mexanizmlərinin yoxluğu və yerli imkanların azlığı müəyyən olunmuşdur. Peşəkar inkişafın idarəçilərin spesifik menecment bacarıqlarını artırdığı, iş proseslərini optimallaşdırdığı və süni intellekt kimi innovasiyalara uyğunlaşmanı təmin etdiyi müşahidə olunmuşdur. Tədqiqat nəticəsində inkişaf fəaliyyətlərinin akkreditasiya sisteminə inteqrasiyası, rutin işlərin optimallaşdırılması və fərdi ehtiyaclara uyğun strukturlaşdırılmış proqramların yaradılması tövsiyə olunur.
